Heydər Əliyevin NATO Siyasəti| Rusiya-İran təzyiqlərinin neytrallaşdırılması üçün ən perspektivli variant

2023/05/55-1683707301.jpg
Oxunub: 2767     14:02     10 May 2023    
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Heydər Əliyevin bu yenilənmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi, o cümlədən Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, dünya birliyinə inteqrasiyası, siyasi-hərbi təhlükəsizliyinin təminatı qarşıya məqsəd qoyuldu. Bu mənada ikitərəfli və çoxtərəfli münasibətlər qurmaq və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Nəticədə Azərbaycan Respublikasının xüsusilə NATO kimi güclü siyasi-hərbi təşkilatla əlaqələrinin yaradılması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqaməti təyin edildi.

NATO-nun beynəlxalq münasibətlərdə yeni rolunu və dünya siyasətində yeni meyilləri nəzərə alan Ulu öndər Heydər Əliyev 1994-cü ildə NATO-nun SNT proqramında iştirak etmək haqqında prinsipial qərar çıxardı və 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil qərargahında SNT proqramının çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu. Bu əlamətdar hadisə müasir beynəlxalq hüquqi müstəvidə Azərbaycan-NATO əməkdaşlığının əsasını qoymuş oldu. Sənədin imzalanması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri idi, çünki bu gün də NATO ilə əməkdaşlıq məsələsi həminki aktuallığını saxlayır. Bu əməkdaşlıq respublikamızın xarici siyasət strategiyasının bir neçə amili baxımından qiymətləndirilir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu müstəqillikdən sonra yaranan problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynayıb. Ulu öndər Heydər Əliyev bu proqrama qoşulmanın vacibliyini vurğulayaraq NATO-nun Brüsseldəki mənzil qərargahındakı çıxışında qeyd edib: “Bu əməkdaşlıq həm Azərbaycanın Qərb demokratiyasına qovuşması, həm də NATO ilə əməkdaşlıq edərək regionda vəziyyəti sabitləşdirməyə, müharibəni dayandırmağa, Azərbaycanla Ermənistan arasında sülh və mehriban qonşuluq yaratmağa yönəldilmiş əlavə yollar axtarmaq baxımından bizdən ötrü çox mühümdür”. Bu tarixi hadisə ilə Azərbaycan Respublikasının beynəlxalq arenada tanınması prosesinin əsası qoyuldu. Tədbir vaxtı Ulu öndər dünya mətbuatının xüsusi diqqət mərkəzində idi. May ayının 4-də keçirilən mətbuat konfransında o, jurnalistləri maraqlandıran bir çox sualları ətraflı və diplomatik şəkildə verərək xaricdə formalaşan bəzi anlaşılmazlıqlara da aydınlıq gətirib. Həmin vaxt Azərbaycan artıq 6 il idi ki, Ermənistanın ərazi təcavüzünə məruz qalırdı, ölkə şimaldan Rusiya, cənubdan qismən də olsa İranın təzyiqi ilə üzləşirdi. Həmin mətbuat konfransında jurnalistlərdən birinin Rusiyanın Qafqazda ordu yerləşdirməsi və Azərbaycanda olan vəziyyətlə bağlı sualına Ulu öndər belə cavab verib: “Hal-hazırda Ermənistanda rus hərbi qüvvələri və hissələri var, onların Türkiyə və İran sərhədləri tamamilə rus hərbiçiləri tərəfindən mühafizə edilir. Lakin Azərbaycan ərazisində heç bir rus hərbi hissəsinə rast gəlmək mümkün deyil. Mən bilmirəm rusların nə planı var, amma bizim də öz planlarımız var, çünki biz müstəqil siyasət yürüdürük. Ölkəmizdə, demək olar ki, hər gün ağır döyüşlər gedir, amma bir şeyi nəzərinizə çatdırım ki, Azərbaycanın ərazisi Ermənistanın ərazisindən üç dəfə böyükdür. Nəticələri özünüz təxmin edə bilərsiz”. Bu həmin vaxtlara təsadüf edirdi ki, Azərbaycan ordusu artıq döyüş meydanında bütün istiqamətlərdə üstünlüklər əldə etmişdi. Jurnalistlərin digər bir sualı Azərbaycanın NATO üzvlüyü ilə bağlı istəyi barədə olur. Bu sual bilərəkdən verilmişdi və ölkə başçısının mövqeyini öyrənmək məqsədi daşıyırdı. Həmin hadisənin tarixi əhəmiyyətini nəzərə alsaq Ulu öndərin bu çətin suala diplomatik cavabı belə olub: “Hazırda Qərbin bir çox böyük neft şirkətləri ilə vacib bir müqavilənin bağlanmasına hazırlaşırıq. Bu istiqamətdə danışıqlarımızın nəticəsi Azərbaycanın neft sənayesinə öz təsirini göstərəcək və həmin nəticələrdən asılı olaraq gələcək addımlarımızı təyin edəcəyik”. Bununla da Ulu öndər ölkəsinin NATO üzvlüyünə tələsmədiyini bildirmiş və balanslaşdırılmış xarici siyasət kursunun bir növ əsasını qoymaqla şimal və cənub qonşulardan gələn təzyiqi də neytrallaşdıra bilmişdi. Beləliklə, o, bütün diqqətləri Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə nail oldu, çünki neftlə bağlı bir müqavilənin imzalanması Avropanın, dolayısı ilə NATO-nun da marağında olan bir tarixi hadisə olacaqdı. Bunun ardınca Azərbaycan və Ermənistan arasında “atəşkəs müqaviləsi” imzalandı və elə həmin vaxtdan cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırıldı. Eyni zamanda Ulu öndər ölkədə iqtisadi-siyasi vəziyyəti sabitləşdirərək ordunun təkmilləşdirilməsi və silah-texnika ilə təchiz edilməsi üçün tədbirlər görməyə başladı, xüsusən də orduda NATO təcrübəsinin istifadə olunmasını qarşıya məqsəd qoydu. SNT proqramının imzalanması ilə Azərbaycan Respublikası NATO-ya daxil olan ölkələrlə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun birgə təlimlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı istiqamətində birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.

NATO və Azərbaycan arasında qarşılıqlı münasibətlər 1994-cü ilin iyununda Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika Əməkdaşlıq Şurasının sessiyasında iştirakı ilə bir qədər də inkişaf etdirilib. Səfər zamanı Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri haqqında geniş məlumat verilib və bu problem qəbul olunmuş bəyanatın “Regional münaqişələr” hissəsində öz əksini tapıb. Bəyanatda belə bir prinsipial müddəa ifadə olunub ki, bütün dövlətlərarası münaqişələr dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır.

Azərbaycan nümayəndə heyətlərinin NATO-nun müxtəlif tədbirlərində iştirakı ilə yanaşı, Azərbaycana Alyansın müxtəlif səviyyəli nümayəndələrinin səfərlərini də əməkdaşlığın genişlənməsi və inkişafı formaları kimi qəbul etmək olar.

1995-ci il iyunun 7-də NATO Avropa qüvvələrinin komandir müavini Ceremi Makkinze Azərbaycana səfər etdi. NATO nümayəndəsi ilə görüşündə Ulu öndər Alyansın ordumuzun inkişafında mühüm rol oynayacağına inandığını bildirdi. Cənab Makkinze öz növbəsində regionda sülhün bərpası üçün ilk dəfə olaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasının vacibliyini vurğuladı. Beləliklə, Ulu öndər çox qısa bir müddətdə NATO kimi nəhəng bir təşkilatın dəstəyini qazandı.

SNT proqramının Azərbaycanda real şəkildə həyata keçirilməsinə 1996-cı ildə başlandı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təmsilçilərinin NATO-nun SNT proqramı çərçivəsində keçirilən təlim-məşqlərində və müxtəlif seminarlarında iştirakı bu sahədə ilk addımlardır.

1996-cı il aprelin 22-də Azərbaycan Respublikası və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının NATO ilə əlaqələrin dərinləşməsində çox böyük əhəmiyyəti oldu. Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən biri kimi qiymətləndirilən və müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə (Avropa İttifaqı, Avropa Şurası, NATO və b.) əlaqələrinin genişlənməsi və dərinləşməsi üçün hüquqi baza rolunu oynayır.

Azərbaycan-NATO əlaqələrinin getdikcə möhkəmləndirilməsi Ulu öndərin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi. Çünki belə nüfuzlu bir təşkilatla tərəfdaşlıq Azərbaycanın dünya birliyinə inteqrasiyasında böyük əhəmiyyət kəsb edirdi. 1996-cı il aprelin 23-də NATO-nun Brüsseldəki mənzil-qərargahına növbəti səfəri zamanı Ulu öndər Heydər Əliyev qurumun o vaxtkı Baş katibi Xavyer Solana ilə görüşərək, NATO-nun SNT proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyən edən Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdi. Bu sənədə hərbi əməkdaşlıq, hərbi modernizasiya, Silahlı Qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil idi. Görüş zamanı NATO-nun Baş katibi qeyd etdi ki, Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyir, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində Prezident Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Tərəflər razılaşdılar ki, Qafqazda sülh və sabitlik region dövlətlərinin gələcək əməkdaşlığının və xalqların rifahının stimuludur. Bununla əlaqədar NATO-nun Baş katibi Xavyer Solana üç Cənubi Qafqaz dövləti tərəfindən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin imzalanmasını və Azərbaycanla Ermənistanın birgə bəyanat qəbul etməsini yüksək qiymətləndirdi.

1994–1996-cı illərdə əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri sonrakı dövrdə qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi üçün əlverişli baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi və bir sıra praktiki addımların atılması NATO-nun Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə marağını artırdı. Bunu qeyd etmək çox önəmlidir ki, bu gün cərəyan edən hadisələrin fonunda Ulu öndərin o zamanlar verdiyi qərarın nə qədər doğru olduğunun bir daha şahidi oluruq. Yaşadığımız bu əmin-aman ölkə ümummilli liderin bizə qoyub getdiyi ən dəyərli mirasdır. Hələ SNT proqramını imzalayarkən jurnalistlərə verdiyi müsahibəsində Ulu öndər Alyansa üzvlüyü hədəf almadan onunla ən sıx əməkdaşlığı davam etdirməyi məqsəd qoyduğunu bildirmişdi və bu gün bu əməkdaşlıq yüksələn xətlə davam edir. Müstəqilliklərinin hələ ilk vaxtlarından NATO-ya üzvlüyü hədəf seçən bir neçə postsovet ölkəsinin son zamanlar aqibətlərinin canlı şahidi olduq. Ulu öndərin təyin etdiyi xarici siyasətin nəticəsi olaraq 90-cı illərdə birbaşa düşmənçilik olmasa da, Azərbaycan və Rusiya arasında neqativ xarakter daşıyan ikitərəfli münasibətlər 2000-ci illərdə strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatdı.

1997-ci il fevralın 13-də Prezident Heydər Əliyevin dəvəti ilə NATO-nun Baş katibi Xavyer Solananın Bakıya iki günlük rəsmi səfəri NATO-Azərbaycan əlaqələrinə xüsusi təkan verdi və NATO-nun ölkəmizlə bağlı niyyətlərinin ciddi olduğunu sübut etdi. Səfər ərəfəsində Xavyer Solana Azərbaycan mətbuatı üçün xüsusi müsahibə ilə çıxış etdi. Müsahibədə yeni Avropada NATO-nun rolu, NATO-Azərbaycan əlaqələrinin inkişafı, SNT proqramında iştirakın perspektivləri və əhəmiyyəti dərindən açıqlanıb. Xavyer Solananın fikrinə görə, “Avropa” anlayışı coğrafi mövqe ilə deyil, dəyərlərlə müəyyən edilir. O bildirmişdi ki, NATO hazırda Avropa təhlükəsizliyi sahəsində əməkdaşlığın hərəkətverici qüvvəsinə çevrilib və siyasi dəyişikliklərin katalizatoru olub. Xavyer Solana belə bir fikri xüsusi vurğuladı ki, “NATO öz təkamülünü davam etdirməlidir. Bu təşkilat NATO-ya daxil olmayan ölkələrlə əlaqələri daha da fəallaşdırmaq və birgə tədbirlərin potensialını daha da gücləndirmək vasitəsi ilə daha geniş Avropa təhlükəsizliyini təmin etmək bacarığını nümayiş etdirməlidir”. Xavyer Solana blokla əməkdaşlıq məsələsində Rusiyanın mövqeyinə toxunaraq qeyd etdi ki, əgər Rusiya məhdud təcridçilik və düşmənçilik çərçivəsində qapanıb qalsa, bundan Avropa təhlükəsizliyi ancaq ziyan çəkə bilər. “Biz istəyirik ki, Rusiya Avropada passiv kənar müşahidəçi deyil, bu qitənin təhlükəsizliyinə öz töhfəsini verən fəal və məsul iştirakçı olsun”, – deyə Baş katib bildirdi. Azərbaycanın beynəlxalq vəziyyətinə və yeritdiyi xarici siyasətə toxunan Xavyer Solana xüsusi vurğulayıb ki, Azərbaycan hazırda beynəlxalq aləmdə getdikcə daha aydın nəzərəçarpan müstəqil siyasət yeridir. Azərbaycan 1994-cü ilin mayında SNT proqramına qoşularaq, Avroatlantik zonada digər ölkələr və təşkilatlarla dostluq əlaqələrini qətiyyətlə inkişaf etdirmək niyyətində olduğunu göstərib. NATO-nun bu ölkə ilə münasibətləri getdikcə genişlənərək əməli əməkdaşlıq, etimad və nailiyyətləri daha da inkişaf etdirmək ruhu aşılanmış əlaqələrə çevrilib.

Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avroatlantika Tərəfdaşlıq Şurası adlı qurumuna da qoşuldu. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT proqramı çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Azərbaycan-NATO əlaqələrinin mahiyyəti və xüsusiyyətlərinə qiymət vermək baxımından 1997-ci ilin iyulunda Prezident Heydər Əliyevin Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitindəki çıxışı xüsusi əhəmiyyət kəsb edir. Həmin çıxışında Azərbaycan Prezidenti yeni müstəqil dövlətlərlə NATO arasında əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət verdiyini xüsusi vurğulayaraq qeyd edir ki, Azərbaycan bölgədə silahlı münaqişənin aradan qaldırılmasında, həmçinin NATO-nun və Avroatlantika Tərəfdaşlıq Şurasının fəal roluna ümid bəsləyir. "Onlar Qafqazdakı silahlı münaqişələri kənardan müşahidə etməməlidirlər. Nəzərə almaq lazımdır ki, bu münaqişələr ümumavropa təhlükəsizliyi üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Avroatlantika Tərəfdaşlıq Şurasının yaradılmasını alqışlayır və buna NATO ilə tərəfdaş ölkələr arasında siyasi məsləhətləşmələrin, fəal əməkdaşlığın mühüm mexanizmi kimi baxır", – deyə Prezident Heydər Əliyev bildirib.

Azərbaycan-NATO əlaqələrinin getdikcə davamlı olması istiqamətində atılan qətiyyətli addımların nəticəsi kimi 1998-ci il sentyabrın 30-da NATO-nun Baş katibi Xavyer Solana Azərbaycana ikinci səfərə gəldi. Səfər zamanı Prezident Sarayında Prezident Heydər Əliyevlə Baş katib Xavyer Solana arasında təkbətək görüş, eləcə də hər iki tərəfin nümayəndə heyətlərinin görüşü və danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransı keçirildi. Nümayəndə heyətlərinin görüşü zamanı NATO-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirən ölkə başçısı cənab Solananın səfərinin bu istiqamətdə bir çox məsələlərin müzakirəsinə öz töhfəsini verəcəyini vurğuladı. Əsrin sonlarında dünyada cərəyan edən hadisələri xatırladan Baş katib Xavyer Solana öz növbəsində bildirdi: “Hadisələr artıq qlobal xarakter alır və xüsusən də təhlükəsizliyin təmin edilməsi gündəlikdə duran əsas məsələdir. Bu baxımdan Prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fikir mübadiləsindən çox şey əldə etmək mümkündür”. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon sammitində qəbul olunan prinsiplər əsasında həll olunmasının zəruriliyi də qeyd olundu, hansı ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirdi. Bundan əlavə, sentyabrın 8–9-da Bakıda keçirilən tarixi İpək yolunun bərpasına həsr olunmuş konfransın əhəmiyyətini vurğulayan Baş katib bildirdi ki, məhz Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində Avropa ilə Asiya arasında əlaqələr bərqərar olacaq və əməkdaşlıq körpüsü qurulacaq.

Prezident Heydər Əliyev öz növbəsində Baş katibin təhlükəsizliklə bağlı fikirlərinin əhəmiyyətini vurğulayaraq qeyd etdi: “Doğrudan da əsrin sonlarına doğru dünya daha sürətlə dəyişir və XXI əsrdə təhlükəsizliyin təmin olunması istiqamətində daha da böyük nailiyyətlərə çatmalıyıq. Sabitlik və təhlükəsizlik hər bir ölkə üçün zəruridir, lakin Azərbaycan üçün bunun xüsusi əhəmiyyəti var. Siz çox yaxşı bilirsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olunub, bir milyondan artıq insan isə öz doğma yurd-yuvasından vəhşicəsinə qovularaq, indiyədək qaçqın və məcburi köçkün həyatı yaşayır. Biz bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Lakin bu istiqamətdə bizim ciddi narahatçılığımız var. Məsələn, Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi olmasına baxmayaraq, ötən üç il ərzində Rusiyadan Ermənistana gizli və qeyri-qanuni yolla bir milyard dollar dəyərində silah və sursat keçirilmişdir. Bizim bütün bunlara etiraz etməmizə baxmayaraq, hər hansı bir müsbət nəticə almadıq. Ermənistan, eləcə də Gürcüstan ərazisində Rusiyanın hərbi bazalarının olması bizi narahat edir. Biz Qafqazda sülh yaratmağa çalışırıq. Qafqaz ölkələri hər biri ayrılıqda müstəqil ölkədir, başqa bir ölkənin Ermənistan və Gürcüstan ərazisində ordu saxlamasına ehtiyac yoxdu. Şübhəsiz ki, bu kimi faktorlar regionun təhlükəsizliyinin təmin olunmasına maneçilik törədir”. Ulu öndərin hələ o zaman etdiyi bu cəsarətli çıxışı NATO rəhbərliyi bir ölçü götürməli idi. Çünki həmin görüşdən nə az, nə çox düz on il sonra Gürcüstanda baş verən hadisələrə bütün dünya şahid oldu, oxşar hadisələr on beş il sonra Ukraynada təkrarlandı. Əslində uzaqgörən Ümummilli lider öz çıxışı ilə Baş katibin diqqətini regiondakı vəziyyətə yönəldərək gələcəkdə baş verə biləcəklər barədə bir növ NATO rəhbərliyini xəbərdar edirdi.

2000-ci illərin əvvəllərindən etibarən NATO-nun Cənubi Qafqazda, xüsusən də Azərbaycanda təhlükəsizlik maraqları daha da artmağa başladı. NATO-ya üzv olan ölkələr Əfqanıstan və İraqda getdikcə daha ciddi şəkildə müharibəyə cəlb olunduqlarından artan təhlükəsizlik narahatlıqları Alyansı mümkün olan mühüm tərəfdaşlarla daha sıx əlaqələr qurmaq və mövcud etibardan daha səmərəli istifadə etmək üçün hərəkətə keçirdi, onlardan biri də Azərbaycan idi. 2000-ci il aprel ayının 25-də Türkiyənin NATO-dakı daimi nümayəndəsi Onur Öymən ölkə prezidenti ilə görüşərkən bunu xüsusilə vurğulayıb: “Bilirsiniz ki, NATO-nun 28 ölkə ilə tərəfdaşlıq əlaqələri vardır. Bu ölkələr içərisində Azərbaycan ən əhəmiyyətli olanlardan biridir. Biz bundan qürur duyuruq. Bizim ən önəmli işlərimizdən biri də Azərbaycan kimi ölkələrin istədikləri formada NATO ilə nəzəri işbirliyi qurmaları məsələləridir. Bu işlərdə Azərbaycan son dərəcə uğurla çalışır. Azərbaycanın bugünkü vəziyyəti bir çox tərəfdaş ölkədən daha yaxşıdır. O, daha çox fəaliyyətə qatılır, təhsil proqramlarında daha yaxından iştirak edir”.

Ümumiyyətlə, mən deyərdim ki, Azərbaycanın NATO ilə əməkdaşlığa başladığı gündən indiyədək atdığı bütün addımlar ölkəmizin bu təşkilata olan sadiqliyinin bariz nümunələridir. Ona görə də NATOAzərbaycan əlaqələrinin inkişafı istiqamətində keçirilən bütün görüşlərdə konkret faktlarla çıxış edən Ulu öndər Heydər Əliyev Alyansdan eyni sadiqliyi və diqqəti tələb edirdi. Hələ 2000-ci il aprel ayının 28-də Prezident Heydər Əliyev NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturoninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edəndə deyib: “Biz SNT proqramının daha da sürətlə həyata keçirilməsinin tərəfdarıyıq. Bu proqramın yerinə yetirilməsi bizdən də asılıdır, sizdən də. Amma hesab edirəm ki, indi daha çox sizdən asılıdır. Biz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetiririk. Siz bunlara diqqətlə, qayğı ilə yanaşmalısınız və sizin üzərinizə düşən vəzifələri də yerinə yetirməlisiniz”. Bu həmin vaxtlara təsadüf edirdi ki, Azərbaycanın sülhməramlı qüvvələri artıq bir il idi ki, Kosovodakı əməliyyatlarda iştirak edirdi. Əslində bu ərazisinin bir hissəsi düşmən tərəfindən işğal olunmuş, özü müharibə şəraitində olan ölkənin NATO-ya verdiyi çox vacib töhfə idi. Sözsüz ki, Ulu öndər haqlı olaraq bu kimi töhfələrin lazımınca qiymətləndirilməsini tələb edirdi. Bundan sonra admiral öz növbəsində Ulu öndərin haqlı olduğunu öz çıxışı ilə təsdiqləyib: “Cənab Prezident, sizin dediyiniz kimi, mənim öhdəliklərimə gəldikdə, sizə söz verirəm ki, Azərbaycan öz öhdəliklərini yaxşı yerinə yetirdiyi kimi, mən də çalışacağam ki, öhdəliklərimi yaxşı yerinə yetirim. Proqramlarımız var, məqsədlərimiz müəyyən olunub, davamlı fəaliyyətimiz vardır. Cənab Prezident, bundan əlavə, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu səfər mənə ölkəniz haqqında birbaşa məlumat əldə etməyə, hər şeyi gözlərimlə görməyə imkan verdi. Burada gördüklərim, öyrəndiklərim NATO-nun baş qərargahında məruzə olunacaqdır”.

Bu bir faktdır ki, hər hansı bir ölkə nə qədər üstün coğrafi mövqeyə, zəngin resurslara malik olursa olsun, onu idarə edən rəhbərin siyasi iradəsi və şəxsi nüfuzu ölkənin beynəlxalq arenadakı imicinə daha çox təsir edir. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərlərindəki, eləcə də ölkəmizə səfər edən bir çox nüfuzlu ölkələrin və təşkilatların rəhbərləri ilə görüşlərindəki çıxışlarında Azərbaycanın bütövlükdə Avropa üçün əhəmiyyətini israrla təlqin edə bildi və bu da respublikamıza qlobal səviyyədə yüksək etimadın göstərilməsinə gətirib çıxardı. NATO-nun Azərbaycanda maraqlarının artmasının növbəti bariz nümunəsi Baş katib Corc Robertsonun 2001-ci ilin 16-17 yanvar tarixlərində Azərbaycana ilk rəsmi səfəri oldu. Baş katibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident Heydər Əliyev onun diqqətini xüsusilə Cənubi Qafqazda davam edən münaqişələrə yönəldə bildi. “Biz 1994-cü ildə SNT proqramına daxil olarkən dünyanın hər yerində, o cümlədən Qafqazda da sülhün bərqərar olmasını özümüz üçün əsas məqsəd kimi qəbul etmişik. NATO birinci növbədə hərbi təşkilatdır. Ona görə, o daha yaxşı bilir ki, kim münaqişədə günahkardır və münaqişənin nəticəsinin günahkarı kimdir. Əgər bu məsələyə ədalətli yanaşılsa, onu demək lazımdır ki, bu münaqişəni başlayan da Ermənistandır. Biz hesab edirik ki, NATO, sülhü təmin edən bir təşkilatdır. Siz özünüzü Yuqoslaviyada da göstərdiniz, ədalətsizliyə qarşı çıxdınız. Ancaq burada ədalətsizlik hələ də mövcuddur. Bir sözlə, Cənubi Qafqazda təhlükəsizlik bir çox məsələlərdən asılıdır. Ancaq birinci növbədə Cənubi Qafqaz ölkələrində münaqişələrə son qoymaq lazımdır. Bunların içərisində isə Ermənistan–Azərbaycan münaqişəsi xüsusi yer tutur. Yəni bu hansısa ölkənin hansısa bir etnik qrupu, ya azlığı arasında olan münaqişə deyil, iki müstəqil dövlət arasında olan münaqişədir. Həm Birləşmiş Millətlər Təşkilatının üzvü, həm ATƏT-in üzvü olan, həm də SNT proqramında bir yerdə fəaliyyət göstərən iki ölkənin arasında gedən münaqişədir. Ona görə biz hesab edirik ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən NATO da bu işə çox diqqətli yanaşmalıdır. Belə vəziyyət daim davam edə bilməz və davam etməməlidir”, – deyə Prezident Heydər Əliyev qeyd edib. Hər birimiz çox yaxşı dərk edirik, bu Ulu öndərin uğurudur ki, NATO kimi nəhəng hərbi-siyasi təşkilat əməkdaşlığımızın başladığı ilk günlərdən bu günə kimi ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləyib. Həmin görüş zamanı Baş katib öz növbəsində ölkəmizin SNT proqramında mühüm rol oynamasını çox yüksək qiymətləndirib və NATO qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə görülən işləri məmnunluqla qarşıladığını bildirib.

2001-ci ildən Azərbaycan-NATO əməkdaşlığının inkişafı istiqamətində ölkədə beynəlxalq hərbi təlimlərin keçirilməsinə başlandı. Həmin ilin 5-17 noyabr tarixlərində Bakıda NATO-nun SNT proqramı çərçivəsində çoxmillətli sülhməramlı "Cooperative determination-2001" komanda-qərargah təlimləri keçirildi. Təlimlərdə böhrana cavab əməliyyatlarında hərbi uyarlılığı təkmilləşdirmək məqsədilə NATOya üzv 9 ölkənin və 9 tərəfdaş ölkənin 400-ə yaxın hərbi qulluqçusu, eyni zamanda Alyansın 4 qərargahının nümayəndələri iştirak edirdi. Bu təlimlər ərəfəsində, noyabr ayının 13-də Prezident Heydər Əliyev NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, ordu generalı Oktar Atamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Həmin görüşdə 1997-ci ildə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Hərəkət İdarəsinin rəisi kimi Azərbaycana gəlişini xatırladan ordu generalı o vaxtdan keçən dövr ərzində baş verən irəliləyişdən həqiqətən də məmnun olduğunu bildirdi.

Bunlarla yanaşı, Azərbaycan NATO-nun nüfuzlu qurumu hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirirdi. NATO Parlament Assambleyası çərçivəsində müxtəlif nümayəndə heyətlərinin ölkəmizə səfərləri, habelə müxtəlif forumlarda və sessiyalarda keçirilən qarşılıqlı faydalı görüşlər, aparılan konstruktiv danışıqlar bu təşkilatla ölkəmiz arasında əməkdaşlığın genişləndirilməsi işində böyük rol oynadı. 2002-ci il yanvar ayının 18-də Prezident Heydər Əliyev Azərbaycan Respublikasına səfər edən NATO-nun Parlament Assambleyasının prezidenti Rafael Estrellanı qəbul etdi. Görüş zamanı Azərbaycana assosiativ üzv statusunun verilməsi məsələsi xüsusi müzakirə mövzusu oldu. Həmin il sentyabr ayının 15–18-də NATO Parlament Assambleyasının Təhlükəsizliyin Mülki Meyarı Komitəsinin Demokratik İdarəçilik üzrə Yardımçı Komitəsindən böyük bir nümayəndə heyəti də Azərbaycanda səfərdə oldu və ölkədə gedən demokratik inkişaf prosesləri və digər məsələlər barədə ətraflı məlumat topladı. NATO Parlament Assambleyasının 2002-ci il noyabr ayının 15–19-da İstanbulda keçirilmiş 48-ci illik sessiyası zamanı Assambleyanın Daimi Komitəsi noyabr ayının 18-də növbəti iclasını keçirdi və həmin iclasda Azərbaycan Respublikasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi barədə qərar qəbul edildi və bu məsələ NATO Parlament Assambleyasının noyabrın 19-da keçirilən plenar iclasında rəsmən bəyan olundu. Bununla da respublikamız öz problemlərini və digər aktual məsələlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə etdi. Beləliklə, NATO-nun Praqada keçirilən sammitinə qədər 19 ölkə NATO Parlament Assambleyasında assosiativ üzv statusuna malik oldu.

2002-ci ilin noyabr ayında NATO-nun Praqada keçirilən sammitində Prezident Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakı xüsusi qeyd edilməlidir. Avroatlantika Tərəfdaşlıq Şurasının (1997-ci il may ayının 29-a qədər Şimali Atlantika Əməkdaşlıq Şurası adlandırılıb) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa zirvə görüşündə çıxış edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cənubi Qafqaz regionunda davam edən münaqişələrin aradan qaldırılmasında NATO-nu daha fəal olmağa çağırdı: “Bu gün dünya çox mürəkkəb bir vəziyyətlə qarşı-qarşıyadır. Bəzi ölkələr tərəfindən dəstəklənən beynəlxalq terrorizm bəşəriyyət üçün qlobal təhlükə yaradır. Bu ümumi təhlükəyə səmərəli çavab vermək üçün beynəlxalq ictimaiyyətin imkan və qabiliyyətləri ciddi sınaq altındadır. 11 sentyabr faciəsindən sonra Avroatlantika birliyi bir koalisiya yaratdı və Azərbaycan ilk gündən bu koalisiyaya qoşuldu. Bu gün bu təhlükələrə qarşı mübarizədə başqa ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə əlimizdən gələni edirik. Lakin bu cür təhlükələr hələ 11 sentyabr hadisələrindən öncə də var idi. Terror və mütəşəkkil cinayətkarlıq ocaqları, münaqişə zonalarında, aqressiv millətçilik siyasəti və separatçılıq fəaliyyəti ilə başlanan müharibələrin nəticəsində yaranan qeyri-qanuni və nəzarətsiz ərazilərdə formalaşır. Cənubi Qafqaz bu mövzuda ən həssas regiondur. Beynəlxalq terrorizm və radikalçılığa qarşı barışmaz mövqe tutan Azərbaycan eyni zamanda, bütün səylərini öz torpaqlarını erməni işğalından azad etmək, dövlətçiliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək istiqamətində cəmləşdirir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli əslində bütün Avroatlantik məkanın marağındadır. Nə qədər ki, gec deyil, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin sülh yolu ilə həll olunması istiqamətində mümkün cəhdlər etməlidir. Biz NATO-nun Cənubi Qafqaz regionuna diqqətinin artmasını hiss edirik. Lakin regional təşəbbüs və təkliflər ilk növbədə müharibənin nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınan sərhədlərin bərpası istiqamətində olmalıdır. Biz NATO və Rusiya arasında münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən çox məmnunuq və bunun Avropanın müxtəlif regionlarında böhranın aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağına ümid edirik”. Hələ həmin vaxtlar Ulu öndər real vəziyyəti analiz edərək belə bir nəticəyə gəlmişdi ki, istər Şərqi Avropada, istərsə də Cənubi Qafqaz regionunda Rusiya faktoru həmişə nəzərə alınmalıdır və öz çıxışında bunu açıq bildirib ki, əgər hər hansı böhranın aradan qalxmasını doğrudan da istəyirsinizsə, onda Rusiya ilə münasibətlər qaydasına qoyulmalıdır, digər ölkələri seçim qarşısında qoyaraq daha da təhlükəli vəziyyətə sürükləmək lazım deyil. Amma Alyansın ən ali səviyyəsində bunu çox yaxşı bilirdilər ki, NATO-nun mövcudluğunu israrla saxlaması, genişlənmə siyasətini həyata keçirməsinin səbəblərindən biri və hətta ən başlıcası Rusiya kimi nəhəng, aqressiv bir ölkənin mövcudluğudur. Bu gün cərəyan edən hadisələrin fonunda Ulu öndərin həmin vaxt nə qədər haqlı olduğunun şahidi oluruq. NATO-nun beynəlxalq aləmdə rolunu yüksək qiymətləndirən Azərbaycan Respublikası həmin blokla hərtərəfli fəal əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm əhəmiyyət verir, amma Rusiya ilə qonşuluqda yerləşdiyimizi də unutmamalıyıq. Buna görə də Ulu öndər tərəf tutmamaqla, müstəqil xarici siyasət yeritməklə ölkəmizdəki siyasi sabitliyi qoruyub saxlaya bildi və bu gün də bu siyasət uğurla davam etdirilir.

Azərbaycan NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu konkret praktiki tədbirləri ilə təsdiq edir. Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələr tərkibində öz missiyasını uğurla yerinə yetirən Azərbaycan 2003-cü ilin mayında beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak haqqında qərar qəbul etdi. Bununla da erməni terrorizmindən ziyan çəkmiş respublikamız beynəlxalq terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin ön sırasında olduğunu nümayiş etdirdi.

Beləliklə, beynəlxalq və regional təhlükəsizlik sistemində Azərbaycanın yerini və rolunu xüsusi qiymətləndirən NATO rəhbərliyi respublikamızla əməkdaşlığın genişlənməsi üçün müvafiq addımlar atdı. 2003-cü il mayın 15-də NATO-nun Baş katibi Corc Robertson Azərbaycana növbəti səfərə gəldi. Ölkə rəhbərliyi ilə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparan Corc Robertson Azərbaycan-NATO komissiyasının iclasında iştirak etdi. İclasda NATO-nun Baş katibinə Azərbaycanın Alyansın həyata keçirdiyi “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmaq niyyətini bildirən məktubu rəsmi surətdə təqdim edildi. Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Corc Robertson qeyd etdi ki, “bu plan Azərbaycanın hansı islahatları aparmaq istədiyini müəyyən edəcək, o cümlədən, Azərbaycanın Şimali Atlantika Alyansına daha da yaxınlaşması üçün zəruri olan islahatların həyata keçirilməsini şərtləndirəcək. Bu yeni, daha dərin əməkdaşlığın çox böyük potensialı var”. Həmin potensialın dolğun qiymətləndirilməsi baxımından Corc Robertsonun ümumqafqaz təhlükəsizlik sistemində Azərbaycanın yerinə dair fikirləri xüsusi əhəmiyyət kəsb edir. NATO-nun Baş katibinə görə, “Qafqaz Avrasiyanın sabitliyi üçün böyük əhəmiyyətə malik olan region kimi qalmaqdadır. Azərbaycan isə burada Qərb və NATO ilə ən əsas tərəfdaş rolunu saxlayır”.

Nəticə

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Avropa ilə Asiya, xristian dünyası ilə islam aləmi arasında körpü rolunu oynayaraq Şərqlə Qərb arasında ticarət və enerji marşrutlarının kəsişməsində, eyni zamanda ABŞ-la, dolayısı ilə NATO ilə münasibətlərində sərt mövqeləri ilə seçilən Rusiya və İran kimi iri dövlətlərin sərhədində yerləşən, əhalisi əsas etibarilə müsəlman olan Azərbaycan üçün dünyəvi dövlət qurmaq və müstəqil xarici siyasət yürütmək həmin dövrdə effektiv beynəlxalq münasibətlər vasitəsi olmaqdan daha çox, bir növ mövcudluğunu qorumaq məsələsi idi. Bütün bunları nəzərə alan Ulu öndər Heydər Əliyev öz güclü siyasi iradəsi hesabına bloklara qoşulmamaq (Rusiya və İrandan gələn təzyiqləri neytrallaşdırmaq məqsədi ilə), bununla yanaşı üzvlüyü hədəf almadan NATO ilə maksimum əməkdaşlıq etmək kimi cəsarətli bir qərar verdi və balanslaşdırılmış siyasətin əsasını qoydu. Çünki bu seçim Azərbaycan kimi strateji regionda yerləşən ölkə üçün ən perspektivli variant idi. Bu həm dövlətin yaşam reytinqini yüksəltməyə xidmət etdi, həm də Azərbaycanı müharibə arenasından uzaqlaşdırdı və onu istər regional, istərsə də beynəlxalq təhlükəsizlik baxımından daha cəlbedici və etibarlı, eyni zamanda qlobal strateji tərəfdaşa çevirdi. Bu gün Azərbaycanın beynəlxalq arenadakı mövqeyi onun qonşu ölkələrlə, eyni zamanda qlobal oyunçular və beynəlxalq institutlarla, o cümlədən ABŞ, İsrail, Avropa İttifaqı və NATO ilə münasibətlərində əks olunan balanslaşdırılmış xarici siyasət yanaşmasının davam etdirilməsinin zəruriliyini bir daha sübut edir.

E.Z.Nəsirov, X.İ.İskəndərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin